31 oktyabr tarixində Qardabani Mərkəzi Stadionunda Tbilisidə təsis edilmiş “Qalatasaray” Futbol Akademiyası ilə Qardabani Futbol Akademiyası arasında dostluq oyunu keçirilib.
Aktual.ge xəbər verir ki, qonaq komanda Qardabaniyə iki yaş qrupu üzrə futbolçularla gəlib.
İlk qarşılaşmada 2012–2013-cü il təvəllüdlü futbolçular mübarizə aparıblar. Görüş Qardabani Futbol Akademiyasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
İkinci oyunda isə 2013–2014-cü il təvəllüdlü futbolçular meydana çıxıblar. Qonaq komandanın heyətində 2015–2016-cı il təvəllüdlü uşaqlar da yer alıb. Qarşılaşma Qardabani Futbol Akademiyasının 15:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qardabani Futbol Akademiyasının direktoru Heydər Əliyev komandanın yaranma tarixi, fəaliyyəti və gələcək planları barədə məlumat verib.
Onun sözlərinə görə, akademiya 20 sentyabr 2024-cü ildə təsis edilib. Hazırda burada 2008–2021-ci il təvəllüdlü 100-dən çox uşaq altı yaş qrupu üzrə futbol məşqlərinə cəlb olunub.

