Gürcüstanda surroqatlıq qadağan edilir: Surroqat analar nə qədər qazanır, proqramların qiyməti nə qədərdir?
22.11.2026 23:00
422
Maraqlı
A
Gürcüstanda surroqatlıq qadağan edilir: Surroqat analar nə qədər qazanır, proqramların qiyməti nə qədərdir?

Gürcüstanda surroqatlığın qadağan edilməsi ilə bağlı qərar qəbul edilib və müvafiq qanun layihəsinin yaxın gələcəkdə parlamentə təqdim edilməsi planlaşdırılır.

Aktual.ge xəbər verir ki, bununla bağlı bu gün, 22 noyabr "Gürcü Arzusu"nun mərkəzi qərargahında çoxluğun iclasından sonra Parlament çoxluğunun lideri İrakli Kirtsxalia keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bu qərarın əsas səbəbi surroqatlıqla bağlı etik və hüquqi risklər, o cümlədən insan alveri, qadınların mümkün istismarı və uşaqların hüquqlarının qorunmasıdır.

Surroqatlığın mümkün qadağası məsələsinin gündəmə gəlməsi fonunda BPN Gürcüstanda surroqatlıq proqramına qoşulmağın qiyməti, təklif olunan xidmətlərin əhatə dairəsi, proqramlar arasındakı fərqlər və surroqat ananın əldə etdiyi gəlirlə maraqlanıb.

Gürcüstanda reproduktiv xidmət göstərən şirkətlərin açıq şəkildə dərc etdiyi qiymətlərə əsasən, surroqatlıq proqramlarının orta qiyməti 55 min ilə 65 min ABŞ dolları arasında dəyişir. Zəmanətli proqramların qiyməti isə 73 min ABŞ dollarına və daha yüksək məbləğə çata bilər.

Yekun qiymət valideynlərin öz yumurta hüceyrələrindən, donor yumurta hüceyrələrindən və ya əvvəlcədən dondurulmuş embrionlardan istifadə edilməsindən asılıdır. Proqramın şərtləri və əlavə tibbi ehtiyaclar da qiymətə təsir göstərir.

Surroqatlıq nə qədərdir və proqramlar bir-birindən necə fərqlənir?

Açıq şəkildə dərc olunan təkliflərə əsasən, surroqatlıq proqramları bir neçə növə bölünür və onların qiymətləri arasında ciddi fərq var. Belə ki:

  • - Dondurulmuş embrionlarla surroqatlıq – Bu paketin qiyməti təxminən 56 min ABŞ dollarından başlayır. Proqram artıq yaradılmış və dondurulmuş embrionları olan, onları surroqat anaya köçürməyi planlaşdıran cütlüklər üçün nəzərdə tutulub.

  • - Öz yumurta hüceyrələri ilə surroqatlıq – Bu proqramın qiyməti təxminən 59 min ABŞ dollarından başlayır. Bu halda embrionun yaradılması üçün gələcək ananın yumurta hüceyrəsindən və partnyorunun spermasından istifadə olunur. Daha sonra embrion surroqat anaya köçürülür.

  • - Donor yumurta hüceyrələri ilə surroqatlıq – Bu proqramın qiyməti təxminən 65 min ABŞ dolları təşkil edir. Bu halda embrionun yaradılması üçün donorun yumurta hüceyrəsindən istifadə olunur ki, bu da əlavə xərclərlə bağlıdır.

  • Zəmanətli proqram – Gürcüstan bazarında ən yüksək büdcəli təklif hesab olunur və qiyməti təxminən 73 min ABŞ dollarından başlayır. Belə proqramlar, bir qayda olaraq, müqavilənin şərtlərinə uyğun olaraq uşağın doğulmasına qədər bir neçə IVF (süni mayalanma) dövrünü və embrionun köçürülməsini əhatə edir.

Surroqatlıq proqramının qiymətinə hansı xidmətlər daxildir?

Qeyd edildiyi kimi, tam proqramın qiymətinə yalnız surroqat ananın ödənişi daxil deyil. Məbləğ bir neçə əsas xidmətin maliyyələşdirilməsinə yönəldilir. Bunlara aşağıdakılar daxildir:

  • - IVF (ekstrakorporal mayalanma) proseduru və embrionun yaradılması;

  • - Proqramda nəzərdə tutulduğu halda embrionun dondurulması və saxlanılması;

  • - Surroqat ananın seçilməsi və tibbi müayinələrdən keçirilməsi;

  • - Embrionun köçürülməsi;

  • - Hamiləliyin monitorinqi, dərman preparatları və həkim xidmətləri;

  • - Surroqat ana ilə müqavilənin bağlanması və notariat xidmətləri;

  • - Doğuşla bağlı xərclər;

  • - Uşağın doğum sənədlərinin hazırlanması və digər təşkilati məsələlər.

Bəzi təkliflərə şəxsi koordinator, yaşayış yeri, hava limanından transfer və xarici pasiyentlər üçün əlavə xidmətlər də daxildir. Lakin bütün proqramlarda xidmətlərin siyahısı eyni deyil.

Diqqətə çatdırılır ki, göstərilən qiymətə əlavə embrion köçürülməsi, qeysəriyyə əməliyyatı, əkiz hamiləlik, yeni doğulmuş körpənin intensiv terapiyası, genetik testlər, embrionun uzunmüddətli saxlanılması və digər gözlənilməz tibbi xərclər daxil olmaya bilər.

Buna görə də proqramların qiymətini müqayisə edərkən yalnız ilkin məbləği deyil, müqavilədə nəzərdə tutulan xidmətlərin həcmini də nəzərə almaq vacibdir.

Surroqat ana nə qədər pul alır?

Surroqatlıq proqramının əsas komponentlərindən biri də surroqat anaya ödənilən məbləğdir.

Açıq şəkildə dərc olunan təkliflərə əsasən, Gürcüstanda surroqat ana üçün nəzərdə tutulan ödəniş təxminən 23 min ilə 28 min ABŞ dolları arasında dəyişir.

Bu məbləğ hamiləliyin müxtəlif mərhələlərində hissə-hissə, aylıq ödənişlər və uşağın doğulmasından sonra qalan məbləğin verilməsi formasında ödənilə bilər. Bununla yanaşı, proqramın şərtlərindən asılı olaraq yaşayış, nəqliyyat, tibbi müayinələr, dərman preparatları və geyim xərcləri də əlavə olaraq qarşılanır.

Açıq qiymət siyahılarından birinə əsasən, surroqat ana üçün doğuşdan sonra 25 min ABŞ dolları, hamiləlik müddətində isə hər ay 500 ABŞ dolları ödəniş nəzərdə tutulur. Həmin təklifdə hamiləliklə bağlı tibbi xidmətlər və digər xərclər ayrıca göstərilib.

Qeyd edək ki, bu məbləğlər reproduktiv xidmət sahəsində ən çox tələb olunan şirkətlərdən birinin açıqladığı qiymət nümunələridir və Gürcüstan bazarı üzrə vahid tarif hesab edilmir.

ŞƏRH YAZ
1