Bolnisi bələdiyyəsini Dəllər (Muşevani) kəndində iki nəfər 7 nəfəri bıçaqlamaqda təqsirli bilinib. İstintaq nəticəsində məlum olub ki, noyabrın 24-də Bolnisi bələdiyyəsinin Muşevani kəndində təqsirləndirilən şəxslər qrup halında yeddi zərərçəkmişə bıçaqla ciddi bədən xəsarətləri yetiriblər.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Məlumata görə, polis, təqsirləndirilən şəxsləri noyabrın 25-də həbs edib. Cinayət Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsinin “l” və “m” yarımbəndlərinə əsasən (qəsdən ağır bədən xəsarəti yetirmə) 9 ildən 13 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Prokurorluq, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün artıq məhkəməyə müraciət edib.