Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində Marneulidə baş vermiş silahlı insidentlə bağlı 2 nəfər – 2003-cü il təvəllüdlü E.M. və 2005-ci il təvəllüdlü R.G. saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.
Bildirilib ki, saxlanılan şəxsləri 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
"E.M.-ə qarşı qəsdən ağır bədən xəsarəti yetirmək və odlu silahı qanunsuz əldə etmə, saxlama və gəzdirmə maddələri ilə ittiham irəli sürülüb. R.G. isə odlu silahı qanunsuz əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə saxlanılıb.
İstintaqla müəyyən edilib ki, E.M. cari ilin 4 iyun tarixində Marneulidə, keçmişdə yaşanmış münaqişə zəminində yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü V.Q.-yə odlu silahdan atəş açaraq xəsarətlər yetirib. Daha sonra R.G. ilə birgə gizlənməyə cəhd edib, lakin hər iki şəxs polis tərəfindən saxlanılıb. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilir.
Hüquq-mühafizə orqanları tərəfindən maddi sübut kimi odlu silahlar götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci (qəsdən ağır bədən xəsarəti yetirmə) və 236-cı (odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması) maddələri üzrə aparılır" , - qeyd olunub.