Qızılhacılı Məscidində diqqətçəkən xütbə | Axund kəndin problemlərini sadaladı
Bugün
828
Din
A
Qızılhacılı Məscidində diqqətçəkən xütbə | Axund kəndin problemlərini sadaladı

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndindəki İmam Həsən (ə) Məscidində Məhərrəm ayının 5-ci günü təşkil olunan əza məclisindəki xütbə səs-küylü keçib.

Aktual.ge xəbər verir ki, məscidin axundu Kərbəlayi Fuad İsayev çıxışı zamanı təkcə dini mövzularla kifayətlənməyərək, kəndin sosial və ictimai problemlərinə də toxunub.

"Kərbəla bu gün bizə nə deyir?" mövzusunda geniş və aktual məzmunlu xütbə ilə çıxış edən ilahiyyatçı deyib ki, mömin yalnız həqiqəti bilməklə deyil, ədaləti ayaqda saxlamaqla da məsuliyyət daşıyır.

Xütbəsinin ikinci hissəsində Fuad İsayev cəmiyyətin gündəlik həyatına təsir göstərən bir sıra sosial məsələlərə də toxunub.

O bildirib ki, vətəndaşların rifahı yalnız iqtisadi göstəricilərlə deyil, həm də yaşayış məntəqələrinin infrastrukturunun səviyyəsi ilə ölçülür. 

Qızılhacılıdakı problemlərdən danışan axund kənddə uzun müddətdir həllini gözləyən bəzi məsələlərin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.

Fuad İsayev aidiyyatı qurumlara səslənərək Qızılhacılıda yolların vəziyyəti, kanalizasiya sistemində mövcud problemlər, küçə işıqlandırmasının kifayət etməməsi, küçə ad lövhələrinin olmaması, istismar müddətini başa vurmuş elektrik dirəklərinin yenilənməsi, uşaqlar üçün müasir istirahət və oyun parkının yaradılması, məktəbəqədər təhsil müəssisələrində qida təminatı ilə bağlı dini həssaslıqların nəzərə alınması, eləcə də Qızılhacılı 2 saylı məktəbin maddi-texniki bazasının müasir standartlara uyğunlaşdırılması kimi məsələlərin yerli əhali üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

O bildirib ki, əgər vətəndaş rifahı dövlət və yerli özünüidarəetmə orqanlarının əsas prioritetlərindən biri hesab olunursa, bu kimi məsələlərin də həmin prioritetlər sırasında yer alması təbiidir.

O, çıxışının sonunda Qızılhacllıda regional it sığınacağı layihəsi ilə bağlı da danışaraq deyib ki, bu cür layihələrin həyata keçirilməsi mühüm sosial məsələ olsa da, onların yerləşdirilməsi zamanı əhalinin sayı, yaşayış məntəqələrinin xüsusiyyətləri, mövcud infrastruktur və yerli sakinlərin rəyləri kimi amillərin də nəzərə alınması faydalı olardı.

Bu çərçivədə o, ictimai müzakirə üçün belə bir sual səsləndirib: regionda daha az məskunlaşmış, geniş boş ərazilərə malik digər bələdiyyələrin də mövcud olduğu halda, layihənin məhz Qızılhacılı üçün seçilməsinin əsaslandırılması barədə ictimaiyyətə daha ətraflı məlumat verilməsi faydalı olardı.

Axund vurğulayıb ki, məqsəd hər hansı layihəyə qarşı çıxmaq deyil, qərarların qəbulunda şəffaflığın təmin olunması, vətəndaşların narahatlıqlarının dinlənilməsi və cəmiyyət üçün prioritet hesab edilən məsələlərin də diqqətdə saxlanılmasıdır.

ŞƏRH YAZ
3