Bolnisidə Neolit dövrünə aid olduğu ehtimal edilən qəbir aşkarlanıb
Bugün
104
Siyasət
A
Bolnisidə Neolit dövrünə aid olduğu ehtimal edilən qəbir aşkarlanıb

Arxeoloqlar Bolnisi bələdiyyəsində yerləşən Maşavera (Saraçlı inzibati vahidliyi) təpəsində, ehtimal ki, Neolit dövrünə aid qəbir aşkarlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, alimlər qəbirdə azyaşlı insana məxsus olduğu ehtimal edilən sümük qalıqları aşkar ediblər.

Qeyd olunur ki, bu tapıntı xüsusi elmi əhəmiyyət daşıyır. Belə ki, Gürcüstan ərazisində həmin dövrə aid arxeoloji abidələrdə indiyədək qəbir aşkarlanmayıb.

"Əldə olunan materialların əlavə elmi araşdırmalara ehtiyacı var. Bu araşdırmalardan sonra tapıntının dəqiq əhəmiyyətini müəyyənləşdirmək mümkün olacaq.

Arxeoloji qazıntıların aparıldığı əraziyə Mədəni İrsin Qorunması üzrə Milli Agentliyin baş direktorunun müavini Tea Oniani, Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze və onun müavini Mixeil Tsereteli, həmçinin Bolnisi bələdiyyəsinin meri Zamur Çitanava və onun müavini Aleksandre Zabaxidze baxış keçiriblər.

Ekspedisiyanın rəhbəri Coni Abuladze tapıntının ehtimal olunan tarixi və elmi əhəmiyyəti barədə məlumat verib.

Arxeoloji işlər Mədəni İrsin Qorunması üzrə Milli Agentliyin maliyyə dəstəyi ilə Gürcüstan Milli Muzeyinin ekspedisiyası tərəfindən həyata keçirilir.

Maşavera təpəsi dünyada tanınan Şulaveri-Şomutəpə arxeoloji mədəniyyətinin (VI minillik) mühüm abidələrindən biridir. Burada Neolit dövrü ilə yanaşı, orta əsrlərə aid mədəni təbəqələr də mövcuddur. Bu isə ərazidə insanların uzun müddət yaşadığını göstərir.

Arxeoloji qazıntılar zamanı abidədə e.ə. VI minilliyə aid dairəvi və oval formalı, çiy kərpicdən tikilmiş yaşayış və təsərrüfat tikililəri aşkar edilib.

Əldə olunan artefaktlar qədim əkinçiliklə məşğul olan cəmiyyətin həyat tərzini və inkişaf səviyyəsini aydın şəkildə əks etdirir" ,  - məlumatda deyilir.

ŞƏRH YAZ
0