İran səfiri Gürcüstan XİN-ə çağırılıb
Bugün
239
Siyasət
A
İran səfiri Gürcüstan XİN-ə çağırılıb

İran İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Seyid Əli Moujani sosial şəbəkələrdə yaydığı foto bəyanatla bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Aktual.ge xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, iranlı diplomat artıq nazirlikdə olub.

Gürcüstan xarici siyasət idarəsinin məlumatına görə, xarici işlər nazirinin müavini Aleksandre Xvtişiaşvili İran səfirinə sosial şəbəkədə yaydığı bəyanatların diplomatik fəaliyyət çərçivəsindən kənara çıxdığını izah edib.

Nazir müavininin sözlərinə görə, bu cür bəyanatlar ictimai əhval-ruhiyyəyə mənfi təsir göstərir. O, İran tərəfinin müvafiq tədbirlər görəcəyinə və belə halların bir daha təkrarlanmayacağına ümid etdiyini bildirib ki, Gürcüstan tərəfinin əlavə tədbirlər görməsinə ehtiyac yaranmasın.

Aleksandre Xvtişiaşvili İran səfirinə həmçinin izah edib ki, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndələr fəaliyyətlərini diplomatik mandat və səlahiyyətləri çərçivəsində həyata keçirməli, diplomatik münasibətlərdə qəbul edilmiş normalara riayət etməli və ev sahibi ölkənin tarixi və daxili məsələlərini şərh etməkdən çəkinməlidirlər.

Məlumat üçün bildirək ki, Seyid Əli Moujani özünün "Facebook" hesabında Səfirliyin fasadında Kraliça Ketevanın fotosunu əks etdirib və həmin fotonu paylaşaraq yazıb ki, gələcəkdə oxucuları ilə onun apardığı ilkin araşdırmanın nəticələrini bölüşəcək. Bu araşdırma “həm Kraliça Ketevana, həm də İranda və Gürcüstanda qorunan sənədlər və tarixi mənbələrə” aiddir.

ŞƏRH YAZ
3