Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Arı İsrailin səfiri Valid Əbu Hayyanın bəyanatına münasibət bildirərək onu “məsuliyyətsiz və biabırçı” adlandırıb.
Aktual.ge xəbər verir ki, türk diplomat "X" sosial şəbəkəsində yazıb ki, İsrail səfiri Batumidə baş verən hadisələrlə bağlı işin faktiki hallarını öyrənmədən əsassız bəyanatlar verir.
“Valid Əbu Hayyanın dünən Batumidə baş verən hadisələrlə bağlı bəyanatı məsuliyyətsiz, təhqiramiz və biabırçıdır. Eyni zamanda, səfirin işin faktiki hallarını öyrənmədən bu cür əsassız bəyanatlar verməsi təəssüf doğurur. Türkiyə ilə Gürcüstan arasında mövcud olan çoxəsrlik və möhkəm dostluq əbədi olacaq”, – deyə Türkiyənin səfiri yazıb.
Bundan əvvəl İsrailin Gürcüstandakı səfiri Valid Əbu Hayya Batumidə Türkiyə və İsrail futbol klubları – “Beşiktaş” və “Hapoel Beer-Şeva” arasında keçirilən oyun zamanı baş verən hadisələrə "X" sosial şəbəkəsində münasibət bildirib.
Səfir “Batumi Arena”da “Beşiktaş” azarkeşlərinin polislə qarşıdurmasını əks etdirən görüntüləri paylaşaraq baş verənləri “idman arenasında terrorizm”, utancverici və biabırçı davranış adlandırıb.
Daha sonra, paylaşımı Gürcüstanın "Facebook" seqmentində də yayıldıqdan sonra Valid Əbu Hayya sosial şəbəkə hesabını onu izləməyən istifadəçilər üçün bağlayıb.