“Milli və dini zəmində nifrəti qızışdırdılar” | Qvaramiadan hakimiyyətə ittiham
Bugün
291
Siyasət
A
“Milli və dini zəmində nifrəti qızışdırdılar” | Qvaramiadan hakimiyyətə ittiham

"Milli və dini zəmində nifrət və qarşıdurmanın qızışmasına şərait yaratdılar. Avropa İttifaqından sonra Gürcüstanın ən böyük ticarət tərəfdaşı və strateji baxımdan ən mühüm qonşusu ilə indiyədək görünməmiş miqyasda son dərəcə ciddi qarşıdurmanı alovlandırdılar". 

Aktual.ge xəbər verir ki, müxalif “Dəyişikliklər üçün Koalisiya”nın liderlərindən biri Nika Qvaramia Batumi stadionunda Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” futbol klubları arasında keçirilən oyun zamanı “Beşiktaş” azarkeşləri ilə gürcü hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurmaya belə münasibət bildirib.

Müxalif lider “Facebook” səhifəsində Batumidə baş verən hadisələrlə bağlı türk aktyorlardan birinin Gürcüstanı mənfi şəkildə təqdim edən paylaşımını da yayımlayıb. Qvaramianın fikrincə, bu paylaşım Türkiyənin hazırda Gürcüstana münasibətini əks etdirir.

“Gürcü seriallarının tamaşaçılarına yaxşı tanış olan Murat Öztürkün paylaşımından və ya şərhindən başlayacağam:

‘Hər şeyi rüşvətlə ala biləcəyiniz, ucuz seks turizmi ilə tanınan, kriminal avtoritetlərə sığınacaq verən, çirkli pulların yuyulması və qanunsuz qumar oyunlarının cənnətinə çevrilmiş bir ölkə haqqında ciddi danışırsınız?’

Türkiyənin bu gün Gürcüstana münasibəti məhz belədir. Halbuki Türkiyə hakimiyyətində yüksək vəzifələr tutan çoxsaylı laz və gürcü əsilli şəxslər, eləcə də etnik gürcü anaların böyütdüyü müxtəlif sahələrin tanınmış nümayəndələri var.

Türkiyənin və ya hər hansı başqa dövlətin bir ölkəyə belə münasibəti yalnız həmin ölkə diz çökdürüldükdə mümkündür. Hörmət edilməyən və öz ləyaqətini qoruyacağına inanılmayan ölkəyə qarşı məhz belə davranırlar. Təkcə İran səfirinin bəyanatlarını xatırlamaq kifayətdir.

Gürcüstanı belə bir ölkəyə İvanişvili çevirib.

Dünən baş verənlərə gəlincə, bu oyunun Gürcüstanda keçirilməsinə şərait yaradan bütün məmurlar – istər Futbol Federasiyasından, istərsə də dövlət qurumlarından olsunlar – dərhal istefa verməlidirlər! Hamı çox yaxşı bilirdi ki, bizi nə gözləyir, hansı ağır hadisələr baş verəcək və bütün dünyanın gözü qarşısında ölkəmizin imici necə zədələnəcək. Bunu bilirdilər, amma heç nəyə əhəmiyyət vermədilər, çünki böyük pul qoxusu hiss etmişdilər.

'Batumı 82' hadisəsi də hamıya məlum idi (türk azarkeşlər hər yerdə belə edirlər, sadəcə şəhərlərin adını dəyişirlər). İsrail amilinə görə müsəlman ölkəsinin azarkeşlərinin 'Free Palestine' (Fələstinə azadlıq) plakatları açacağı və bunun əlavə aqressiya mənbəyinə çevriləcəyi də məlum idi.

'Beşiktaş'ın azarkeş qrupunun zorakı davranışları ilə tanındığı da bilinirdi.

Bütün bunlara qarşı Batuminin tarixi səbəblərdən xüsusi həssaslığı olduğu da məlum idi. Buna baxmayaraq, heç olmasa, başqa şəhər seçmək belə ağıllarına gəlmədi. Pul naminə hamını və hər şeyi gözardı etdilər. Nəticədə məsuliyyətsizlikləri və bacarıqsızlıqları, ardınca isə qorxaqlıqları və acizlikləri ilə ölkəni alçaltdılar.

Milli və dini zəmində nifrət və qarşıdurmanın qızışmasına şərait yaratdılar. Avropa İttifaqından sonra Gürcüstanın ən böyük ticarət tərəfdaşı və strateji baxımdan ən mühüm qonşusu ilə indiyədək görünməmiş miqyasda son dərəcə ciddi qarşıdurmanı alovlandırdılar.

İvanişvili və onun bandasının olmadığı Gürcüstan!” , – deyə Nika Qvaramia yazıb.

ŞƏRH YAZ
0