2027-ci il dövlət büdcəsi layihəsinin ilkin versiyasına əsasən, gələn ildən dövlət sektorunda baza vəzifə maaşı artırılaraq 1 735 lari olacaq.
Aktual.ge xəbər verir ki, sənədə əsasən, dövlət sektorunda çalışan şəxslərin əməkhaqları 8,4%-dək, əməkhaqqı fondu isə 395 milyon lari artacaq.
Vəzifə maaşının artırılması dövlət-siyasi vəzifə tutan şəxslərin əməkhaqlarının da avtomatik artmasına səbəb olur. Çünki onların maaşları dövlət qulluğunda müəyyən edilmiş baza əməkhaqqına və qanunla müəyyən olunan əmsala əsasən hesablanır.
Nəticədə, 2027-ci ildə Gürcüstan Prezidentinin aylıq maaşı 17 350 lari (müəyyən edilmiş baza əməkhaqqının 10 əmsalına vurulması ilə) olacaq. Bu, illik 208 min 200 lari deməkdir.
Eyni formula əsasında Baş nazirin və Parlament sədrinin aylıq maaşı da 17 min 350 lari, illik maaşı isə 208 min 200 lari olacaq.
Nazirlərin maaşına gəlincə, bu halda əmsal fərqlidir və 8,5 təşkil edir. Nəticədə nazirlərin aylıq maaşı 14 min 747,5 lari, illik maaşı isə 176 min 970 lari olacaq.
Eyni formula və dövlət büdcəsi layihəsinin ilkin versiyasına əsasən, Parlament deputatlarının da aylıq maaşı 13 min 880 lari, illik maaşı isə 166 min 560 lari olacaq.