Gürcüstan Parlamentinin sabiq deputatı Azər Süleymanov Azərbaycandan olan politoloq Mübariz Əhmədov Gürcüstan azərbaycanlıları ünvanına səsləndirdiyi fikirlərə sərt mmünasibət bildirib və onu üzr istəməyə çağırıb.
Aktual.ge xəbər verir ki, bununla bağlı Azər Süleymanov sosial şəbəkə hesabında yazıb.
O edib ki, Gürcüstan Parlamentində dörd çağırış Borçalı azərbaycanlılarını təmsil etmiş millət vəkili kimi soydaşlarımız adından üzr tələb etməyə tam haqqı var.
Azər Süleymaniv Gürcüstan Parlamentində Xocalı soyqırımının tanıdılması təşəbbüsü ilə çıxış etdiyini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində çağırış və aksiyaların təşəbbüskarı olduğunu xatırladıb.
Sabiq deputat bildirib ki, Borçalı azərbaycanlıları ana vətənləri Gürcüstana daim sadiq olmaqla yanaşı, milli mənsubiyyətlərinin simvolu və milli dövləti hesab etdikləri Azərbaycana da hər zaman dəstək və sevgi nümayiş etdiriblər.
Onun sözlərinə görə, I və II Qarabağ müharibələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda Borçalı əsilli onlarla şəhid və qazinin göstərdiyi şücaət bu mənəvi və milli bağın bariz nümunəsidir.
Azər Süleymanov vurğulayıb ki, Gürcüstan azərbaycanlıları Azərbaycan-Gürcüstan dövlətlərarası münasibətlərinin, eləcə də gürcü və azərbaycanlı xalqları arasında dostluğun möhkəmləndirilməsində mühüm rol oynayıblar. O, Borçalı əsilli çoxsaylı ictimai-siyasi xadimlərin, alimlərin, professorların, mədəniyyət, incəsənət, ədəbiyyat və idman nümayəndələrinin Azərbaycan və Gürcüstanın nüfuzunu yüksəltdiyini qeyd edib.
Mübariz Əhmədoğlunun ittihamlarına toxunan sabiq deputat onun Borçalı azərbaycanlılarının kişi və qadınlarını təhqir etdiyini bildirib və çıxışından sonra səhvini etiraf edərək üzr istəmək əvəzinə, müsahibə və açıqlamalarla üzr istəməyəcəyini bəyan etdiyini vurğulayıb.
Azər Süleymanov Borçalıda İranla əlaqəli dini fəaliyyətlərlə bağlı məsələlərin bütöv bir icmanın ünvanına yönəldilməsinin yolverilməz olduğunu bildirib.
Onun sözlərinə görə, ayrı-ayrı şəxslərin dini fəaliyyəti 300 min azərbaycanlının təhqir olunmasına əsas verə bilməz.
O, həmçinin dini məsələlərin həssas xarakter daşıdığını qeyd edərək soydaşlarını sosial şəbəkələrdə yayılan məlumatlara və təhrikedici çıxışlara münasibətdə səbirli olmağa, kənar təsirlərə uymamağa çağırıb.
Azər Süleymanov hesab edir ki, dini təsirlərlə bağlı məsələlərin həlli Borçalı azərbaycanlılarının qarşıdurma vasitəsinə çevrilməsi ilə deyil, Gürcüstan və Azərbaycanın müvafiq rəsmi qurumlarının birgə yanaşması ilə mümkün olmalıdır.
Sabiq deputat çıxışının sonunda Mübariz Əhmədoğlunu televiziya vasitəsilə Borçalı azərbaycanlılarından rəsmi şəkildə üzr istəməyə çağırıb.
