“Əgər Avropa İttifaqı sabah danışıqların başlanmasına qərar versə, biz elə sabah imza atacağıq, lakin siyasi dialoqu dayandıran tərəf onlar olub və bütün bu müddət ərzində bizimlə danışıqlara başlamırlar”.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir, həmçinin qeyd edib ki, Gürcüstan hakimiyyəti Amerika Birləşmiş Ştatları ilə də danışıqlar aparmaq istəyir.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı ABŞ-dən indiyədək cavab gözləyirlər, lakin hələ də heç bir cavab almayıblar.
“30 illik tərəfdaşlarımızla danışıqlara gəlincə, biz heç kimlə nə söhbətləri, nə də danışıqları dayandırmışıq və bunu etmək niyyətində də deyilik. Nə Avropa İttifaqı, nə də Amerika Birləşmiş Ştatları ilə danışıqları dayandırmaq istəyirik.
Amerika Birləşmiş Ştatları ilə münasibətlərə gəlincə, bu barədə dəfələrlə açıq bəyanat vermişik. Bildirmişik ki, konkret yol xəritəsi əsasında strateji tərəfdaşlığı sıfırdan bərpa etməyə istənilən vaxt hazırıq. Həmçinin, heç bir qapalı məsələ saxlamadan, həmin yol xəritəsini və onun hər bir bəndini müzakirə etməyə hazırıq. Lakin bu günə qədər cavab gözləyirik və hələ də cavab yoxdur.
Avropa İttifaqına gəlincə, burada da vəziyyət eynidir. Əgər sabah danışıqlara başlamaq qərarı versələr, biz elə sabah imza atacağıq. Lakin siyasi dialoqu dayandıran tərəf onlar olub və bütün bu müddət ərzində bizimlə danışıqlara başlamırlar”, - deyə İrakli Kobaxidze “İmedi” telekanalının efirində qeyd edib.