Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov Ermənistanın Tsaxkadzor şəhərində keçirilən eşitmə məhdudiyyətli idmançılar arasında Avropa çempionatından qayıdan Azərbaycan milli komandasının üzvləri ilə Tbilisi şəhərində görüşüblər.
Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi məlumat yayıb.
Görüş zamanı idmançıların beynəlxalq yarışda nümayiş etdirdikləri yüksək nəticələri xüsusi qeyd olunub.
Qeyd edək ki, Yunan-Roma güləşi üzrə yarışlarda altı idmançı ilə təmsil olunan Azərbaycan milli komandası ümumilikdə 6 medal – 3 gümüş və 3 bürünc medal qazanaraq Azərbaycanı təmsil ediblər.
"Milli komandamızın bu uğuru xalqımız üçün böyük qürur və sevinc mənbəyidir. Bu münasibətlə idmançılarımızı, məşqçilərimizi və bütün komanda heyətini səmimi-qəlbdən təbrik edir, onlara gələcək yarışlarda yeni-yeni nailiyyətlər və daha böyük zirvələr fəth etməyi arzulayırıq. Qələbəniz mübarək olsun!" , - Səfirliyin paylaşımında qeyd edilib.